"Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov ATXƏM tərəfindən “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak edib

title "Alibi" hüquq şirkətinin rəhbəri Anar Umudov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən 2 Fevral 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətdir” mövzusunda keçirilən konfransda iştirak etmişdir.
Konfrans Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutub.

Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb Ə.Amaşov çıxışında ermənilərin zaman-zaman azərbaycanlılara və bütövlükdə türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini vurğulayıb. O bildirib ki, mövcud siyasətin XX əsrdəki ən böyük təzahür forması Xocalı soyqırımıdır. «Azərbaycan dövləti Xocalı faciəsinin məhz soyqırımı aktı kimi tanıdılması istiqamətində xeyli məhsuldar işlər həyata keçirib. Bu işlərə ictimai sektordan, o cümlədən mediadan da dəstək hər zaman olmalıdır. Azərbaycan Mətbuat Şurası, ATXƏM və Milli QHT Forumu bu zərurəti dəyərləndirərək belə bir konfrans düzənləməyi qərara alıb», - deyən Ə.Amaşov məlumat verib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nı təsdiq edib. Plana əsasən görüləcək işlərdən söz açan Şura sədri qarşıdakı müddətdə mövcud istiqamətdə digər toplantıların da gerəkləşdiriləcəyini diqqətə çatdırıb.
title MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı istər ölkə daxilində, istərsə də xaricdə geniş tədbirlər həyata keçirəcəyini vurğulayıb.
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayətkar əməllərinin isbatı üçün imza toplanıldığını deyib. Bunun üçün ölkə ictimaiyyətinin dəstəyinin zəruriliyini əsaslandırıb. R.Zeyni eyni zamanda müxtəlif qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətindəki fəaliyyətində də söz açıb. Görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışına ermənilərin öz ata-baba yurdlarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurduqları məhkəmə prosesinin qondarma mahiyyətini qabartmaqla başlayıb. Dünyada mövcud olan ikili standartlar siyasətinə toxunan B.Səfərov onu da bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə çəkmək üçün daha sistemli şəkildə fəaliyyət göstərilməlidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin Xocalı faciəsinin dünya birliyinə tanıdılması istiqamətində gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının tanınmasını konkret uğur kimi dəyərləndirib. M.Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun mövcud istiqamətdəki fəaliyyətinin effektivliyini əsaslandırıb.
Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti İsveçdə yaşayan soydaşlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı sistemli tədbirlər reallaşdıracaqlarını diqqətə çatdırıb. O, İsveç parlamentinin binası qarşısında mitinqlərin təşkil olunacağını, habelə parlamentdə müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə azərbaycanlıların üzləşdikləri faciələr haqqında dünya birliyinin məlumatlandırılmasında medianın rolundan söz açıb. Bu rolun qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət müstəvisində daha da artırılmasının vacibliyini vurğulayan V.Rəhimzadə bildirib ki, mövcud istiqamətdə elektron informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən səmərəli istifadə son dərəcə önəmlidir.
Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli təmsil olunduğu qurumun Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasına yönələn fəaliyyətindən söz açıb. Görülən işlər nəticəsində ABŞ-ın 16 ştatının Xocalı faciəsini insanlığa qarşı bəşəri cinayət - soyqırımı kimi tanıdığını vurğulayıb.
Çıxış edənlərdən əməkdar jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, MŞ-nin sədr müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları qeyd ediblər ki, Xocalı faciəsinin beynəlxalq aləmə tanıdılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından son dərəcə mühüm mərhələdir.
Konfransın sonunda qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçilərinin Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladıqları bəyanat səsləndirilib.

http://atxem.az/news/a-15426.html

Yerləşdirən şəxs: alibi Tarix: 03.02.2015 Oxunub: 1518
Generasiya: 1720101259.374 san. və 18 verilənlər bazasına müraciət 0.007 san.